Haqqımızda

İKT LAB – ÖYRƏN VƏ TƏTBİQ ET

Missiya, məqsəd və dəyərlərimiz:

Missiyamız sürətlə dəyişən texnologiyalar dövründə İnformasiya-Kommunikasiya Texnologiyalarından (İKT) səmərəli istifadəni insanlara öyrətmək və bütün fəaliyyət sahələrində texnologiyaların geniş tətbiqinə nail olmaqdır.

Məqsədimiz əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin, biznes və sahibkarlıq subyektlərinin İKT-dən istifadə üzrə hazırlıqlarının  və elektron idarəçilik bacarıqlarının inkişaf etdirilməsi, İKT sahəsi üzrə mütəxəssislərin peşəkar səviyyəsinin artırılması və İKT-nin tətbiqi üzrə layihələrin həyata keçirilməsidir.  Məqsədimiz yalnız öyrətmək deyil, eyni zamanda öyrənilən biliklərin tətbiqini tədris və təbliğ etməkdir. Bu yolla insanların həyatında İKT-nin səmərəli tətbiqinə və biznesin rəqəmli transformasiyasına dəstək veriləcəkdir. Mərkəzin əsas məqsədi bilik və təcrübəni yalnız Bakı şəhərində deyil, geniş regional mərkəzlər şəbəkəsi vasitəsilə bütün ölkə üzrə təqdim etməkdir.

Missiya və məqsədimizə nail olmaq üçün aşağıdakı dəyərləri özümüzə əsas götürmüşük:

  • Peşəkarların, innovatorların və yenilikçi adamların çalışdığı bir məkan olaraq, öz bilik və təcrübəmizi insanlarla paylaşmaq və qazanılan biliyi real həyatda dəyərə çevirməkdə onlara kömək etmək.
  • Bir çox real tədris laboratoriyalarımız əsasında həqiqi İKT LAB kimi fəaliyyət göstərməklə təcrübə, təhsil və tətbiq ünvanı olmaq.
  • Öz imkanlarını dövlət, biznes və vətəndaşlar üçün açıq etməklə dövlət, özəl və vətəndaş cəmiyyəti tərəfdaşlığına töhvə vermək.

Tariximiz:

2013-cü il 18 aprel tarixində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Koreya Respublikasının Xarici İşlər Nazirliyi arasında imzalanmış Qrant Razılaşmasına əsasən KOİCA təşkilatının investisiyası ilə "Elektron Hökumət Təlim-Tədris Mərkəzi"-nin yaradılması layihəsinə start verilmiş və 2015-ci ildə layihə uğurla yekunlaşdırılaraq eyni adlı Mərkəzin əsası qoyulmuşdur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli 389 saylı Qərarı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" MMC yaradılmışdır. Nazirlər Kabinetinin 12 iyul 2018-ci il tarixli 292 nömrəli digər Qərarı ilə “Elektron Hökumət Təlim Tədris Mərkəzi” MMC-nin adı dəyişdirilərək “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi müəyyən edilmişdir.

Fəaliyyətimiz:

Mərkəz İKT və digər sahələr üzrə peşəkar təlimlərin keçirilməsi, əhalinin rəqəmsal maarifləndirilməsi üzrə layihələrin təşkili və İKT-nin bütün sahələrdə geniş tətbiqi üzrə xidmətlərin təqdim edilməsi istiqamətlərində fəaliyyət göstərir.

Mərkəzin mənzil qərargahı Bakı şəhərində yerləşir, o cümlədən ölkə üzrə 17 regionda cəmi 19 mərkəz (Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Qusar, Şəki, Ağdaş və Cəlilabad) fəaliyyət göstərir.

Mərkəz müasir texnologiyalar ilə təmin edilmiş tədris infrastrukturuna malikdir. Mərkəzdə HD multimedia studiyası, “Cisco” şəbəkə laboratoriyası, sistem inzibatçılığı, qrafika və dizayn üzrə kompüter laboratoriyaları və beynəlxalq kompüter imtahan mərkəzi fəaliyyət göstərir. Bütün mərkəzlər haqqında sürətli keçid linkləri vasitəsilə məlumat ala bilərsiz.

Mərkəzdə yalnız sinif təlimləri deyil, Onlayn Təhsil Portalı (www.e-training.az) vasitəsilə bütün regional mərkəzlər üçün real vaxt rejimində distant və onlayn təlimlər keçirilir. 

Mərkəzin beynəlxalq statusları:

Tədrisin keyfiyyətini yüksəltmək və təlimlərdə beynəlxalq təcrübəni tətbiq etmək məqsədilə Mərkəz tərəfindən beynəlxalq statuslar əldə edilmişdir. Mərkəz “Cisco Network Academy” - Cisco Şəbəkə Akademiyası, “CompTIA Academy” - CompTIA Rəsmi Akademiyası və "Pearson VUE" imtahan mərkəzi beynəlxalq statuslarına malikdir.

  • Cisco Şəbəkə Akademiyası və CompTIA Rəsmi Akademiyası: Mərkəz bu statuslara 2017-ci ildə layiq görülmüşdür. Bu statuslar İKT sahəsi üzrə keçirilən təlimlərin Cisco və CompTİA şirkətlərinin rəsmi proqramına əsasən keçirilməsinə imkan verir. Təlim kurslarında iştirak etməklə tələbələr yeni texnologiyaları öyrənir, real və virtual sistemlərdən istifadə edərək biliklərini artırırlar.  Bu statuslar sayəsində təlimləri uğurla bitirən tələbələrə Akademiyaların beynəlxalq sertifikatları təqdim olunur.
     
  • Pearson VUE İmtahan Mərkəzi: Mərkəz 2018-ci ildə beynəlxalq imtahan mərkəzi statusuna layiq görülmüşdür. Pearson VUE imtahan mərkəzində Microsoft, CompTIA, Cisco və digər nüfuzlü beynəlxalq şirkətlərin rəsmi sertifikatlarını imtahan verərək əldə etmək mümkündür. Eyni zamanda "British Council"-un təşkilatçılığı ilə maliyyə sahəsi üzrə ACCA beynəlxalq sertifikasiya imtahanları da Mərkəzdə keçirilir.

Xidmətlər:

  • İKT üzrə təlimlər:
    • Ofis proqramlarının peşəkar istifadəsi
    • Sistem və şəbəkə inzibatçılığı
    • Kompüter qrafikası və dizaynı
    • Proqramlaşdırma və kodlaşdırma
    • İnformasiya təhlükəsizliyi
    • Kommunikasiya texnologiyaları
  • Elektron idarəçilik və “Elektron hökumət” üzrə fəaliyyət:
    • İnformasiya cəmiyyətinin inkişafına, "Elektron hökumət” həllərinin tətbiqinə, “Elektron hökumət” xidmətlərinin təkmilləşdirilməsinə dəstək verilməsi
    • Ümumi rəqəmli hazırlıq üzrə təlimlərin təşkili
    • “Elektron hökumət” həllərindən və elektron imzadan istifadə üzrə təlimlər
       
  • Biznes və Menecment üzrə təlimlər:
    • Layihələrin idarəedilməsi
    • Rəqəmsal Marketinq
    • Korporativ keyfiyyətə nəzarət
  • İnsan resurslarının fərdi inkişaf təlimləri:
    • Yumşaq vərdişlər
    • Xarici dil təlimləri
       
  • Multimedia xidmətləri:
    • Audio, video, multimedia işinin təşkili və idarə olunması
    • Elektron dərsliklərin və video materialların hazırlanması
       
  • İKT-nin tətbiqi xidmətləri:
    • İKT-nin biznes fəaliyyətində tətbiqi üzrə məsləhət xidmətləri
    • İKT sahəsi üzrə yeni startap layihələrinin dəstəklənməsi
    • İKT-nin tətbiqinə əsaslanan layihələrin icrası