7 Fevral İT VƏ KOMPÜTER ELMLƏRI SAHƏSINDƏ DÜNYA ÜZRƏ TOP 10 TƏQAÜDLÜ UNIVERSITETLƏR

Daimi və sürətli inkişaf informasiya texnologiyalarının danılmaz xüsusiyyətidir. Bu sahədə oxuyanlar və çalışanlar yaxşı bilir ki, dayanmadan özünü inkişaf etdirməli və yeni texnologiyalarla ayaqlaşmalısan. Yeniliklər bir-birini o qədər sürətlə əvəz edir ki, hətta kiçik bir layihəyə başlayarkən istifadə etdiyiniz texnologiyalar layihə sonunda köhnəlmiş sayılır. Məhz buna görə ixtisasını bu sahə ilə bağlamış tələbələrin ən böyük arzusu xarici universitetlərdə, birbaşa bu texnoloji yeniliklərin işləndiyi təhsil müəssisələrində təhsil almaqdır. Baxmayaraq ki, İT sferasında təhsil qiymətlərin yüksək olması ilə seçilir, dünyanın müxtəlif universitetləri tələbələrə təqaüdlə oxumaq imkanı təklif edir. İT və Kompüter Elmləri sahəsində təqaüd əldə edə biləcəyiniz dünya üzrə top 10 universiteti təqdim edirik:

1. Massaçusets Texnologiya İnstitutu.

Burada bir tədris ilinin qiyməti ~50.000$ təşkil edir, lakin MİT-nun yanaşması belədir: əgər tələbə qəbul olubsa, ödəniş məsələsində razılaşmaq olar. Ancaq 2014-cü ildə bura qəbul olunanların 91%-i 36.000$-43.000$ həcmində təqaüd qazanıblar. Bunun üçün təqaüd müraciət anketini doldurmaq və valideyinlərin gəliri haqqında rəsmi təqdimat vermək lazımdır.

2. Stenford Universiteti.

Bu universitet yüksək texnologiyalar üzrə ən qabaqcıl tədris və elmi araşdırma mərkəzidir. Burada tələbələrin 80%-dən çoxu maliyyə dəstəyi alır, bunun 58%-i Universitet fondunun, qalanı isə ayrı-ayrı özəl müəssisələrin payına düşür. Bir məqam var ki, Universitetin fondu yalnız Amerika vətəndaşı olan tələbələrə təqaüd verir, xarici tələbələr isə özəl müəssisələrdən və ya xüsusi təqaüd proqramlarından yararlana bilərlər.

3. Kaliforniyanın Berkli Universiteti.

Buranın “School of İnformation” bölməsi Kompüter Elmləri üzrə rəqabətə davamlı təhsil təklif edir. Bütün universitetin tələbələrinin ~60%-i tam və ya qismən təqaüdlə təmin olunub.Statistikaya inansaq, Berkli Universiteti təqaüdlə oxuyan az təminatlı ailələrdən olan tələbələrin sayına görə ön sıralardadır.

4. Harvard Universitetinin “School of Engineering and Applied Sciences” bölməsi.

Bil Qeyts, Mark Zükerberq kimi məzunları olan bu Universitetin öz fondundan bakalavr və magistratura təhsili üzrə təqaüd almaq çətin olsa da, bölmənin elmi araşdırma mərkəzi PhD pilləsi üzrə qəbul olanların hamısının(!) təhsil haqqının tam ödəyir və ~3.000$ həcmində təqaüdlə təmin edir.

5. Kanadanın Toronto Universiteti.

İnformasiya texnologiyaları üzrə oyunların dizaynından süni intellektə qədər geniş tədris proqramı təklif edən Universitetdə, bakalavr pilləsinin xarici tələbələrinə də aid edilən “Lester B. Pearson International Scholarship Program” mövcuddur. Proqramın tələbatları kifayət qədər yüksəkdir lakin qaliblərin dörd illik tədrisi ərzindəki bütün
xərclərini qarşılayır.

6. Niderlandda Delft Texniki Universiteti.

Nəzərə alsaq ki, “Sony”, “eBuddy”, “Exact Software” kimi İT şirkətləri Niderlannda yerləşir, ölkənin ən böyük texniki universitetinin prestijinin günbəgün artması təəccüblü deyil. Universitet xarici tələbələrə ancaq magistratura pilləsi üçün təqaüd təklif edir. Təqaüdün əsas kriteriyası bakalavr ərzindəki orta müvəffəqiyyət göstəricisinin (GPA) 80%-dən yuxarı olmasıdır.

7. Almaniyanın Karlsrue Texnologiya İnstitutu.

Baxmayaraq ki, bu elmi tədqiqat və təhsil mərkəzi 2009-cu ildə yaradılıb, onun 1825-ci ildə əsası qoyulmuş Karlsrue Politexnikumunun bazasında qurulması, bugünkü məşhurluğunu izah edir. İnstitut tələbələrə aylıq 250€-dan az olmayan təqaüd qazanmaq imkanı verir. Bunun üçün ingilisdilli xarici tələbələrin TOEFL balı 230-dan, İELTS balı isə 6.5-dən aşağı olmamalıdır.

8. İsveçrənin Zürih Texnologiya Universiteti.

Albert Eynşteynin məzun olduğu Universitet hal-hazırda tətbiqi elmlər üzrə Avropanın qabaqcıl universitetlərindəndir. Təhsil müəssisəsi xarici magistrantlara bütün təhsil müddətini əhatə edən iki təqaüd proqramı təqdim edir: ESOP(Excellence Scholarship and Opportunity Programme) və MSP(Master Scholarship
Programme).

9. Şotlandiyanın Edinburq Universiteti.

Tətbiqi elmlər üzrə Britaniyanın öndə gedən Universitetinin xarici tələbələr üçün müxtəlif təqaüd proqramları var. Təqaüd almaq üçün hər bir tələbə Universitetin saytında yalnız buranın tələbələri üçün nəzərdə tutulan müraciət anketini doldurmalıdır.

10. Polşa-Yaponiya İnformasiya Texnologiyaları Akademiyası.

Varşavanın mərkəzində yerləşən akademiyanın əsası 1994-cü ildə qoyulub və Avropa təhsil mərkəzləri içində unikal tədris proqramı ilə seçilir. Akademiya “Dell”, “Facebook”, “Samsung”, “Microsoft” kimi şirkətlərlə əməkdaşlıq edir. Burada tələbələr yalnız ilk tədris ilini bitirdikdən sonra təklif olunan üç təqaüd proqramının birinə müraciət edə bilərlər.

 

TechCentrum-a istinadən

    Materiallar

  • Məqalələr