27 İyun “İOT LAB”-IN ALİ MƏKTƏB NÜMAYƏNDƏLƏRİ ÜÇÜN AÇILIŞI OLUB

İKT LAB Tətbiq və Tədris Mərkəzində “İoT Lab” - Əşyaların İnterneti laboratoriyasının ali məktəb nümayəndələri üçün açılışı olub. Tədbirdə “İoT Lab”-ın yaratdığı imkanlar və üstünlüklər izah edilib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin şöbə müdiri Rəşad Əzizov açılış nitqi ilə çıxış edərək müasir dövrdə Əşyaların interneti və Süni intellektin önəmini vurğulayıb.

Tədbirdə həm də İKT LAB Tətbiq və Tədris Mərkəzinin, Microsoft Azərbaycan şirkətinin və yeni yaradılan “İoT Lab”-ın nümayəndələri çıxış edib. Onlar öz təqdimatlarında laboratoriyanın imkanları, universitetlərə və gənclərə verdiyi üstünlüklər barədə məlumat verib.

Eyni zamanda, laboratoriya çərçivəsində ilk dəfə elan edilən “Microsoft İoT Lab internship” adlı yay təcrübə proqramı barədə məlumatlar verilib.

Təcrübə proqramına artıq 350 nəfərdən çox gənc qeydiyyatdan keçib. Bu gənclər müəyyən edilən tələblər üzrə imtahan olunacaq.İmtahandan uğurla keçənlər maraqlı təcrübə proqramında iştirak edəcək.

Təcrübə proqramı çərçivəsində “Əşyaların interneti” istiqamətində real layihələr üzrə işlər aparılacaq. Uğurlu layihələr BakuTel-2019 sərgisində təqdim ediləcək.

Təcrübə proqramına qatıla bilməyən və zəruri bilikləri olmayan gənclər İKT LAB tərəfindən təşkil edilən təlimlərdə iştirak edə bilərlər. “Əşyaların interneti” sahəsinə marağı olan, bu sahə üzrə proqramçılığı öyrənmək və mütəxəssis olmaq istəyən şəxslər “İoT maker” təlim proqramına qatıla bilərlər.

“İoT Lab” layihəsi, təcrübə proqramı və təlimlər haqqında daha ətraflı məlumatları https://iktlab.az/mslab/ saytından əldə etmək mümkündür.