29 Aprel AZƏRBAYCANDA “MICROSOFT LAB” LABORATORİYASI YARADILIB

Cari ilin 1 may tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində Azərbaycanda “Microsoft Lab” laboratoriyasının açılış mərasimi keçiriləcək.

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi ilə “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən yaradılan laboratoriya adıçəkilən mərkəzdə fəaliyyət göstərəcək.

“Microsoft Lab” dlanan laboratoriyanın əsas məqsədi tədris və tətbiq arasında körpü yaradaraq, perspektivli innovativ layihələrin icrasına gənc mütəxəssislərin və startapçıların cəlb edilməsidir.

Laboratoriyada “Əşyalar interneti” (İoT) sahəsi, Süni intellekt, Maşın öyrətməsi, Kibertəhlükəsizlik, Biznes prosesslərin Avtomatlaşdırılması üzrə müxtəlif həllər və real prototiplər hazırlamaq mümkün olacaq. Gələcəkdə digər innovativ istiqamətlər üzrə də fəaliyyət genişləndiriləcək.

Məlumat üçün bildirək ki, “Əşyalar interneti” texnologiyası internetə çıxışı olan bütün cihaz və avadanlıqlar vasitəsilə məlumatların toplanması, ötürülməsi və bu məlumatlar əsasında qərar qəbuletmə prosesinin effektivliyinin artırılmasını nəzərdə tutur.

Dövlət və özəl təşkilatlar öz fəaliyyətlərində informasiya texnologiyalaının nailiyyətləri və yeni imkanlarını tətbiq etmək istədikləri halda müxtəlif layihə təkliflərini Lab-a təqdim edə biləcəklər. Bu təkliflər əsasında proqramçılar və İT şirkətlər tərəfindən laboratoriyada real layihələr yaradılacaqdır. Sonradan hazırlanan prototiplərin biznesdə tətbiq edilməsi məqsədilə layihələrə dəstək veriləcəkdir.

İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi “Microsoft” şirkətinin dəstəyi ilə yaradılan innovasiya laboratoriyasının əlaqələndiricisi rolunu oynayacaq. Belə ki, layihə sifarişçiləri və bu sifarişləri icra edəcək startapçılar arasında işgüzar münasibətlər yaradılacaq. Laboratoriyada, həmçinin, proqramçılıq və elektronika sahələri üzrə təlimlərin keçirilməsi, mütəxəssislərin sertifikatlaşdırılması və prototiplərin hazırlanması reallaşdırılacaq.

Qeyd edək ki, “www.iktlab.az/mslab” internet səhifəsində “Microsoft Lab” haqqında ətraflı məlumat almaq mümkündür. Burada özəl və biznes qurumları sorğu doldurmaqla reallaşdırmaq istədikləri layihələrin senarilərini “Lab”-a göndərə bilər. Eyni zamanda, innovativ istiqamətlər üzrə layihə icra etmək istəyən proqramçılar və startaplar sayt vasitəsilə qeydiyyatdan keçə bilərlər.