18 May İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ÜZRƏ ISO/IEC 27001:2013 STANDARTI ƏSASINDA TƏLİM KEÇƏN 18 NƏFƏRƏ SERTİFİKATLAR TƏQDİM OLUNUB

Beynəlxalq Telekommunikasiya İttifaqının 2006-cı ildə qəbul etdiyi qərara əsasən, 17 may tarixi Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusu “Standartlaşdırmada fərqliliyin aradan qaldırılması”dır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu gün keçirdiyi tədbir də bu mövzuya həsr olunub.

 
Tədbiri giriş sözü ilə açan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bu günün əhəmiyyətini qeyd edib. Standartlaşdırma üzrə fərqliliyin aradan qaldırılmasının İKT-nin cəmiyyətdə rolu, iqtisadi və sosial inkişafa təsiri barədə məlumat verib.


Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) direktoru Namiq Tağıyev “Rəqəmli transformasiya mühitində standartlaşmanın rolu”, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov “İT mütəxəssisi hazırlığı və sertifikatlaşma”, Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə “Standartlar kibertəhlükəsizlik vasitəsi kimi” mövzularında məruzələrlə çıxış ediblər.


Tədbirin sonunda 11-15 mart tarixlərində ölkəmizdə ilk dəfə keçirilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutunun və “İKT LAB Tətbiq və Tədris Mərkəzi”nin birgə təşkilatçılığı ilə “ISO/IEC 27001:2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” standartı əsasında beynəlxalq sertifikat təliminin iştirakçılarına Baş auditor sertifikatları təqdim olunub.

Gələcəkdə İKT LAB Tətbiq və Tədris Mərkəzi və Azərbaycan Standartlaşdırma İnsitutu əməkdaşlıqlarını birgə davam etdirərək, İKT üzrə müxtəlif standartları əhatə edən təlimlər keçirməyi nəzərdə tutublar.