Bugün Əşyaların İnterneti: əldə edilən təcrübə və perspektivlər

Əşyaların İnterneti (Internet of Things, IoT) müxtəlif əşyaların və qadcedlərin insan müdaxiləsi olmadan bir-biri ilə IP qoşulması üzərindən qarşılıqlı əlaqəyə girdiyi şəbəkədir. Beynəlxalq tədqiqat şirkəti IDC hesab edir ki, Əşyaların İnternetinin əsas xüsusiyyəti onların insan iştirakı olmadan avtonom işləməsidir.

Əşyaların İnternetinin ən parlaq nümunəsi «ağıllı» ev texnologiyalarıdır. Bu sistem əsas kompüter (hab) və ona Wi-Fi üzərindən qoşulmuş «ağıllı» qurğulardan ibarətdir. Qurğulardan daxil olan verilənləri təhlil edərək sistem tələb olunan temperatur və rütubət rejimini təmin edə, işıqları, müxtəlif elektrik cihazları yandırıb-söndürə, hətta ev sahibləri məzuniyyətdəykən, oğruları aldatmaq üçün onların evdə olduqlarını təqlid edə bilər.

Keçid dövrü

Bir cihazın digər cihaz haqqında məlumat (temperatur monitorinq sistemi, ehtiyat və məkan haqqında məlumatlar və s.) toplama qabiliyyəti heç kimi təəccübləndirmir. Qurğular arasında qarşılıqlı əlaqə texnologiyaları (Machine-to-Machine, M2M) hələ 1989-cu ildə yaradılmışdı. O vaxtlardan bəri onların istifadəsi bütün dünyada, o cümlədən, Azərbaycanda geniş vüsət alıb.

Deməli, Əşyaların İnterneti elə budur? Yox, bu, sadəcə keçid dövrüdür! М2М mühitində toplanan verilənləri insan emal edir. O, sistemi bilavasitə tənzimləyir. Əşyaların İnternetində isə insanın müdaxiləsi tələb olunmur.

Əşyaların İnternetinin inkişafı müasir dövrün ən qaynar trendlərindəndir. Ovum analitiklərinin fikrincə, bu sahəyə 2011-ci ildən 2015-ci ilədək qoyulan investisiyalar tam 31 milyard dollar təşkil edib. Bugün IoT bir-birindən ayrı, çoxsaylı şəbəkələrdən ibarətdir. Bu texnologiya irəlilədikcə hər şeyi əhatə edən İnternetin (Internet of Everything — IoE) yaranmasına gətirib çıxardan keyfiyyət sıçrayışı baş verməlidir.

«Ağıllı» evlər və şəhərlər

Əşyaların İnterneti artıq insan həyatının ən vacib sahələrinə qədəm basıb. Gələcəkdə bu inkişaf daha da sürətlənəcək. Burada ilk növbədə yuxarıda qeyd etdiyimiz «ağıllı» ev sistemlərini misal gətirməliyik. İşıq və temperatur rejiminin nizamlanması ilə yanaşı bu sistem həm də təhlükəsizlik məsələlərini həll edir. Misal üçün, bu sistem qaz sızmasını qeydə alaraq dərhal xilasetmə xidmətinə məlumat ötürür. Artıq bazarda Smart Home üçün bir neçə platforma mövcuddur. 

Səhiyyə

Xəstələrin vəziyyətinə uzaqdan nəzarət etmək mümkün olacaq. Misal üçün, sistem kardiostimulyatorlu xəstələrə sutka boyu nəzarət edəcək və həkimlərə hər hansı dəyişiklik haqqında dərhal məlumat verəcək. Bu, həm də kadr çatmazlığı problemini həll edir. Reanimatoloqlar ağır xəstələrə uzaqdan nəzarət edirlər — bəzən bir-birindən yüzlərlə kilometr məsafədə olan onlarla xəstələrə. Kritik vəziyyət yaranarsa xəstə çarpayısının yanındakı monitordan həkimə avtomatik olaraq siqnal ötürülür. 

Kənd təsərrüfatı

Torpağa yerləşdirilən sensorlar əkin və becərmə üçün ən optimal vaxtı müəyyən edəcək. Suvarma sistemi avtomatlaşdırılacaq: sensorlar torpağın nəmliyini ölçüb kompüterə ötürəcək, kompüter isə müvafiq olaraq suvarma sisteminə nə vaxt və nə qədər sulamaq lazım olduğunu bildirəcək. Eyni zamanda, sensorlar vasitəsilə bitkilərin zərərli qurdların hücumuna məruz qaldığını müəyyənləşdirsə, dərhal dezinfeksiya tədbirləri alınacaq.

Marketinq

Əşyaların İnterneti sahəsindəki həllər müxtəlif marketinq proseslərinə asanlıqla inteqrasiya oluna bilər. Bunun sayəsində ənənəvi marketinq metodlarına nisbətən daha çox verilən toplamaq olacaq. Məhsulun özünə inteqrasiya olunmuş IoT həlləri istehlakçının məhsulla necə qarşılıqlı əlaqədə olduğunu, onun hansı özəlliklərindən daha çox faydalandığını müəyyən edərək həmin məhsulu təkmilləşdirməyə kömək edəcək.

Mənbə: https://infocity.az/

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |