Peşəkar İnkişaf Proqramı İKT LAB Tətbiq və Tədris Mərkəzi tərəfindən ölkəmizin aparıcı sahəvi şirkətləri və qurumları ilə birlikdə həyata keçirilən xüsusi tədris proqramıdır. Proqram yeni mütəxəssislərin praktiki bilik və bacarıqlar qazanaraq ixtisaslarını artırmalarına və karyeralarının inkişafına kömək etmək üçün yaradılıb.Tərəfdaş şirkət proqramın əsas dəstək verən tərəfi olaraq, iştirakçıların ödənişlərini həyata keçirir və gələcəkdə iştirakçıların işlə təmin olunmasına köməklik edir.Proqram hər bir sahə üzrə müasir trendlərə əsasən, praktika yönümlü olmaqla intensiv «bootcamp» stilində təşkil olunur. Bu proqramı uğurla bitirən iştirakçılar proqramın tərəfdaş şirkətində və İKT LAB Tətbiq və Tədris Mərkəzinin digər tərəfdaş şirkətlərində iş əldə etmək üçün yüksək şans qazanırlar.
Tədris hibrid əsaslı olmaqla həm onlayn platforma üzərindən, həm də real siniflərdə «bootcamp» formatında keçirilir. Bütün proqramlar üzrə tədris intensiv olacaqdır və 6 ay müddətini əhatə edir. Tədris zamanı təlimçilərin müəllif materiallarından və rəsmi xarici tədris materiallarından istifadə edilir. Tədris layihə əsaslıdır və daim müxtəlif praktiki lab-lar keçirilir.
Proqramda iştirak şəxsi vəsait və yaxud təqaüd hesabına mümkündür. Təqaüdlü yerlərin tutulması prosesi müsabiqə əsasında 3 mərhələdən ibarətdir. Müsabiqə birinci mərhələdə məntiq, ikinci mərhələdə ixtisas və üçüncü mərhələdə müsahibə ilə aparılır. Proqram çərçivəsində ixtisaslar üzrə ilkin tələblər aşağıda qeyd olunur. Seçim prosesində şəhid ailələri, müharibə iştirakçıları, qazilər və digər sosial dəstəyə ehtiyaclı qruplardan olan şəxslərə və ailə üzvlərinə üstünlük verilir.
Proqramın yekununda iştirakçılar ixtisas üzrə işə başlamaq üçün ən zəruri bilik və bacarıqlara malik olacaqlar. Onlar həmçinin İKT LAB Tətbiqi və Tədrisi Mərkəzinin yerli və beynəlxalq sertifikasiya imtahanlarında iştirak edib, Mərkəzin diplomu və beynəlxalq sertifikatlar əldə etmək imkanı qazanacaqlar. Proqramın yekununda ən uğurlu iştirakçılar tərəfdaş şirkətlərdə işlə təmin edilmək imkanı əldə edəcəklər.
Proqramda iştirak ödənişsiz və ya ödənişli olur. Proqramın tərəfdaşı tərəfindən təqdim edilən təqaüd hesabına ödənişsiz iştirak mümkündür. Təqaüdlü yerlərin sayı proqramın sponsoru tərəfindən müəyyən olunur. Sponsor bir yer üzrə təqaüdün tam ödənişini və ya bir hissəsinin ödənişini (qalan hissəni iştirakçı özü ödəyir) həyata keçirə bilər. Şəxsi ödəniş hesabına iştirak edənlər hər bir proqram üzrə qiyməti Mərkəzin saytından əldə edə bilərlər. Hər bir proqram üzrə iştirakın şərtləri proqramın səhifəsində qeyd edilib.