21 Aprel KOMPÜTERDƏN SİLDİYİMİZ FAYLLAR HARA GEDİR?

Təsəvvür edin ki, yayın isti vaxtında yol ilə gedirsiniz. Bu zaman havanın tempraturu çox yüksək olduğu üçün təbii olaraq bədəninizdə su içmək tələbatı yaranır. Yolunuzun üstündə olan maqazinlərdən birinə girib 1 litrlik qazsız mineral su alıb şüşəni başınıza çəkirsiniz. Daha sonra isə boş su şüşəsini yaxınlıqdakı zibil qutularından birinə atırsınız. Boş su şüşəsini zibil qutusuna atdıqdan sonra artıq sizə şüşənin hara gedəcəyi və başına nə iş gələcəyi maraqlı deyil. Təəssüf ki, kompüterdən faylları silərkən bu qədər rahat ola bilmərik.

Kompüterdə hər hansı bir faylı sildiyimiz zaman ilk öncə o fayl Zibil Qutusu (Recycle Bin) adlanan qovluğa gedir. Həmin fayl Zibil Qutusunda olduğu zaman Sərt Diskdə (HDD) hələ də yer tutmağa davam edir, ta ki biz o faylı Zibil Qutusundan silənə qədər. Həmin faylı biz Zibil Qutusundan da sildikdən sonra artıq həmin fayl Sərt Diskdə yer tutmur. Yaxşı bəs Zibil Qutusundan sildiyimiz fayl hara gedir? Yoxsa sehirli bir şəkildə yoxa çıxır? Bu suala cavab vermək üçün Sərt Diskin işləmə məntiqini və məlumatları yaddaşda necə sağladığını yaxşı başa düşməliyik.

 

 

Sərt Disklərin içində bir və ya birdən çox yüksək sürətlə fırlanan maqnetik disklər (Platters) olur. Bundan başqa diskləri oxuyan Oxuma/Yazma Başı (Read/Write Head) da vardır, hansı ki disklər fırlanarkən məlumatları oxuyub kompüterin istifadə edə biləcəyi hala gətirir, yəni yaddaşda depolayır. Sonra biz faylları yaddaşdan silmədikcə və ya Sərt Diski fiziki olaraq məhv etmədikcə məlumatlar yaddaşda qalmaqda davam edir.

Kompüterdə olan bütün məlumatlar (text, şəkil, audio, video və s.) yaddaşda İkilik Say Sisteminə (Binary) əsasən 0 və 1-lər şəklində saxlanılır. Kompüterin yaddaş qurğularında saxlanılan məlumatların da bizim ev adresimiz kimi bir adresi olur. Misalçun, 4 GB həcmində olan bir Sərt Diskin 4,294,967,296 fərqli adresi vardır. Müasir hər bir Sərt Diskin standard olaraq müəyyən bir hissəsində aşağıdakı bilgiləri özündə saxlayan ərazi olur:

  1. Sərt Disk driverinin xüsusiyyətləri haqqında
  2. Sərt Diskdə məlumatların hansı üsulla oxunula biləcəyi haqqında
  3. Sərt Diskə məlumatları yazarkən istifadə olunan müdafiə haqqında

Sərt Diskə yüklənəcək fayllar üçün, faylların həcminə görə lazımı sayda adres ayrılır və faylın hansı adres aralığında olduğu indekslənib yadda saxlanılır. Beləliklə, hər bir Sərt Disk sadəcə məlumatlar deyil, həmin məlumatlara giriş etmək üçün lazım olan adresləri də yadda saxlayır. Əgər Sərt Diskdə faylı bütün olaraq saxlayacaq qədər yer yoxdursa, o zaman fayl bir neçə yerə ayrılıb, kiçik-kiçik hissələr şəklində də yaddaşda saxlanıla bilir.

Bir faylı Zibil Qutusundan sildiyimiz zaman, bu faylın mövcudluğuna dair məlumat Sərt Diskin indexindən çıxarılır və həmin ərazi boş yer (free space) olaraq işarələnir. Yəni, əslində biz bir faylı sildiyimiz zaman, həmin fayl silinmir, sadəcə həmin faylın yaddaşda var olduğuna dair məlumat silinir.

Bu nə deməkdir? Fayl artıq kompüter tərəfindən oxunmur, lakin həmin fayl Sərt Diskdə heç bir yerə köçürülmədən və silinmədən eyni bölmədə qalır. Silinmə əməliyyatı yalnız o zaman başlayır ki, Sərt Diskdəki üzərinə informasiya yazılmamış bütün boş hissələr (partition) dolmuş olsun və növbəti yazacağımız fayllar üçün diskdə faktiki boş hissələr olmasın. O zaman sistemimiz yazmaq istədiyimiz yeni informasiyanı daha öncə adını silərək boş göstərdiyi amma faktiki boş olmayan disk hissəsindən silərək onun üzərinə yazacaq. Yəni, bizim daha öncə sildiyimiz informasiyanın yerləşdiyi disk hissəciklərinə (slacks) yeni məlumat yazılmayana qədər həmin məlumat diskdə olduğu kimi silinmədən qalacaq.

Bunu daha yaxşı anlamaq üçün, uşaq vaxtı çoxumuzun evində olan video kasetləri düşünə bilərik. Bir çox hallarda artıq bizə lazım olmayan kasetləri atmırdıq və onun üzərinə başqa görünütüləri yazırdıq.

 

 

Sonda məntiqli olaraq adamın ağlına belə bir sual gəlir ki, əgər Sərt Diskdə olan fayllar silinə yerinə yeni fayllar yazıla bilərsə, niyə görə sistem faylları silmək yerinə sadəcə faylların yerini boş olaraq işarələyir. Əslində cavab çox sadədir. Sistem tərəfindən faylın adresini silib yerini boş işarələmək, faylın özünü həqiqətən də Sərt Diskin müəyyən hissəsindən silməkdən daha sürətli başa gəlir. Misalçun, siz hal-hazırda kompüterinizdən 10 GB həcmində faylı silsəniz bu proses bir neçə saniyə çəkəcək, çünki sistem əslində o faylı silmir, sadəcə yerini boş olaraq işarələyir. Əgər sistem həqiqətən də Sərt Diskin müəyyən hissəsindən o faylı silsəydi o zaman 10 GB həcmində bir faylı silmək kompüterə 10 GB həcmində fayl köçürtmək qədər zaman alardı.

 

Müəllif: Turan Balayev

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |