04 Noyabr "Digital Horizons: İT və Kibertəhlükəsizlik Yolu" seminarı baş tutub.

Seminarı giriş sözü ilə Mərkəzin Tədris və İnkişaf sektorunun müdiri Ayaz Kərimov açaraq, Mərkəzin məqsədləri və fəaliyyəti haqqında geniş məlumat verib. O, bu kimi tədbirlərin İT sahəsinə marağı olan peşəkarlar və tələbələr üçün əhəmiyyətindən bəhs edib.
Seminarda tanınmış ekspertlər maraqlı təqdimatlarla çıxış ediblər. “Azintelekom” MMC-nin şöbə müdiri Heydər Şükürov və Ekspress bankın informasiya təhlükəsizliyi şöbəsinin aparıcı mütəxəssisi Əhməd Əhmədov proqramlaşdırmanın müasir yanaşmaları və inkişaf istiqamətləri barədə ətraflı məlumat veriblər. Mərkəzin təlimçisi və Sistem arxitektoru Rəşad Bayramov isə İT əsasları və sistem inzibatçılığı mövzusunda geniş təqdimatla çıxış edib, iştirakçılara bu sahənin təməl biliklərini izah edib.
Azərbaycan Su Ehtiyatı Agentliyinin Şəbəkə və Kommunikasiya şöbəsinin müdiri Davud Hacıyev şəbəkə inzibatçılığı və şəbəkə mühəndisliyinin praktiki tətbiqləri və texniki detalları barədə çıxış edib. Kibertəhlükəsizlik üzrə təqdimat isə Ekspress bankın informasiya təhlükəsizliyi şöbəsinin müdiri Emil Fərzəliyev tərəfindən edilib. O, kibertəhlükəsizlik sahəsində karyera perspektivləri və müasir texnologiyaların rolu ilə bağlı vacib məqamları vurğulayıb.
Seminarın yekun hissəsində, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlarının Assosiasiyasının eksperti Bəhruz Əliyev kritik informasiya infrastrukturunun vacibliyi, Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası, eləcə də bu sahədə süni intellektin istifadəsi haqqında geniş məlumat verib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, bu da seminarı daha interaktiv və maraqlı edib. İştirakçılar mövzularla bağlı dərin anlayış qazanmaq üçün mütəxəssislərlə fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |