08 May NAXÇIVANIN ƏN İNNOVATİV LAYİHƏLƏRİ MÜƏYYƏN OLUNDU

NAXÇIVANIN ƏN İNNOVATİV LAYİHƏLƏRİ MÜƏYYƏN OLUNDU

Naxçıvan Muxtar Respublikasında 2018-ci ildən etibarən icrasına başlanan “I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində ikinci dəfə startap turu təşkil olunub.

Naxçıvan Universitetində reallaşdırılan tədbirə 100-dən çox gənc qatılıb.

Tədbirdə Naxçıvan rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov, “Naxçıvan” Universitetinin rektoru İsmayıl Əliyev, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri iştirak edib.

Tədbirin informativ hissəsində məlumat verilib ki, ötən müddət ərzində Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkəti ilə birgə həyata keçirilən “I2B-İdeyadan Biznesə” layihəsinin təcrübəsindən yararlanaraq Muxtar Respublikada startap hərəkatının genişləndirilməsi istiqamətində bir sıra tədbirlər reallaşdırıb.

Bu istiqamətdə görülən işlər investisiya mühitinin yaxşılaşdırılmasına, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmağa, innovativ ideyaların uğurlu biznes subyektinə çevrilməsinə hesablanıb.

Bu məqsədlə nazirlik və aidiyyəti təşkilatların təklifləri əsasında startap layihələrinə nəzarət mexanizmini asanlaşdıran internet portalının layihəsi və təqdim ediləcək layihələri qiymətləndirəcək ekspert qrupu yaradılıb. Portalın yaradılmasında əsas məqsəd layihələri birləşdirib yaxşı ideyaları ortaya çıxarmaq olub.

Beləliklə, ekspert qrupu tərəfindən “I2B-İdeyadan Biznesə” startap turunun Naxçıvan mərhələsində iştirak etmək üçün 31 layihədən 15-i seçilib. 

İdeyalar dinlənildikdən sonra “I2B-İdeyadan Biznesə” layihəsinin mentorları tərəfindən isə ümumilikdə 20 komanda formalaşdırılıb. Təqdimatların düzgün hazırlanması, uğurlu biznes-planın tərtib olunması, eləcə də, startap-komandaların və ideyaların formalaşdırılması üsulları ilə bağlı iştirakçılar müsabiqəyə hazırlanıb. 

Daha sonra ideyalar münsiflər heyəti qarşısında təqdim edilib.

Nəticədə Naxçıvan şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. Müvafiq olaraq  “Peşəkar”, “Caravan Company”, “Pay Port” layihələri qalib seçiliblər. Komandaların yüksək hazırlığını nəzərə alaraq, hər 3 komanda Bakıda keçiriləcək Milli Finala dəvət edilib.

Xatırladaq ki, Naxçıvanın “Noahland” komandası ötənilki startap müsabiqəsinin Respublika finalında 3-cü yerə çıxmışdı.

Qalib komandalar avqust ayının sonlarında 12 regionun da  qaliblərinin iştirak edəcəyi “İnnocamp” yay düşərgəsinə vəsiqə qazanıb. Yay düşərgəsində "I2B-İdeyadan Biznesə" layihəsinin builki qalibləri mentorların, biznes inkubasiya mərkəzləri nümayəndələrinin, eləcə də psixoloqların dəstəyi ilə finala hazırlıq məşğələlərində iştirak edəcəklər.  

Oktyabrda keçiriləcək Milli Finalda isə ümumrespublika üzrə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq. 

Milli Finalda təşkilatçılar və tərəfdaşlar tərəfindən qalib gələcək ilk üç yerin sahibinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək. 

Finalçılar və  hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar. 

Xatırladaq ki, “İdeyadan Biznesə” startap turlarının Mingəçevir, Sabirabad, Sumqayıt, Gəncə, Göyçay, Tovuz, Lənkəran, Şamaxı və Naxçıvan şəhərləri üzrə qalibləri artıq məlumdur. 

Zaqatala və Şəki startap turlarında isə “http://www.i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |