17 İyun “Technest” təhsil proqramı çərçivəsində ilk məzun günü keçirilib

“Technest” təhsil proqramı çərçivəsində ilk məzun günü keçirilib

İKT sahəsində peşəkar təhsil almaq istəyən gənclərə təqaüd təqdim edən “Technest” təhsil proqramı elektronika, bulud mühəndisliyi, “Java” proqramlaşdırma və kibertəhlükəsizlik sahəsində ilk məzunlarını hazırlayıb. Bu münasibətlə “Code and More” təlim mərkəzində məzun günü keçirilib.

Qeyd edək ki, “Technest” təhsil proqramını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirir.

“Technest” məktəbli, tələbə və məzunlar üçün İKT sahəsində peşəkar və ödənişsiz təlimləri təşkil etməklə mütəxəssislər yetişdirir və əmək bazarına yönəldir. Proqram ölkədə bu sahədə müasir tələblərə cavab verən kadrların hazırlanmasını sürətləndirmək və rəqəmsal inkişafa töhfə vermək məqsədi daşıyır.

“Technest” çərçivəsində dövlət-özəl sektor tərəfdaşlığı əsasında təsis edilmiş “Code and More” təhsil layihəsi və nazirliyin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) ilə əməkdaşlıq nəticəsində 53 məktəbli elektronika, 87 tələbə isə bulud mühəndisliyi, “Java” proqramlaşdırma və kibertəhlükəsizlik üzrə proqramı uğurla başa vurub. Təqaüdçülər təlimlərlə yanaşı, nazirliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos, “AzInTelecom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-də real iş prosesinə cəlb olunub, müxtəlif layihələrin hazırlanmasında və icrasında yaxından iştirak ediblər.

Tədbirdə “Technest” məzunlarına sertifikatlar, eyni zamanda müxtəlif qurumların xatirə hədiyyələri təqdim olunub.

“Technest” təhsil proqramının layihə rəhbəri Elnarə Əlizadə bildirib ki, cəmi bir il fəaliyyət göstərməsinə baxmayaraq “Technest” artıq keyfiyyət nişanı olaraq tanınmaqdadır: “Bu gün ilk məzunlarımızı yola salırıq. Tələbə və məzunlarımıza əmək bazarında işə götürənlər böyük maraq və etimad göstərir. İKT üzrə milli kadr potensialının formalaşmasını əsas götürdüyümüzdən bu gün, həmçinin “Technest Club”ın yaranmasını da elan etdik. Klub tələbələri sosiallaşma, bilik və təcrübə mübadiləsi və s. sahələrdə bir araya gətirmək, onlarla davamlı olaraq çalışmaq məqsədi daşıyır. Biz bu addımla gənclərin asudə vaxtının səmərəli təşkilini də nəzərə almışıq”.

Qeyd edək ki, cari ilin sonuna qədər “Technest” təhsil proqramı çərçivəsində 120 məktəbli, 618 tələbə və məzunun bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər bazası, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UX/Uİ” dizayn kimi müxtəlif istiqamətlər üzrə təhsil alması nəzərdə tutulub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Technest” təqaüdçülərinin qabaqcıl mütəxəssislər kimi yetişdirilməsi və işlə təmin olunması istiqamətində dövlət-özəl sektor tərəfdaşlığı əsasında “Code Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi, “Tech Academy”, “ABB Tech” Akademiyası və İnnovasiyalar Mərkəzi ilə də yaxından əməkdaşlıq edir.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |